RSS Qidalandırıcısı

ƏRƏ GETMƏK İSTƏYƏNLƏR BU XƏBƏRİ OXUSUNLAR…

Nigah agentliyi sizi ciddi tanışlığa dəvət edir”. Əminəm ki, hər biriniz metroda, küçədə, binaların divarlarında belə reklam kağızları ilə rastlaşmısınız. Bəs orada tanışlığın necə baş verdiyi haqda nə isə bilirsinizmi? Elə bu haqda ətraflı öyrənmək qərarına gəldik. Metrodan əldə etdiyimiz tanışlıq agentliyindən biri – “Orxideya”ya getməzdən öncə oraya zəng vurub, ünvanı öyrəndik. Çünki reklam mətnində ünvan barədə bir söz belə yox idi. Dəstəyin o tayındakı qız İstiqlaliyyət küçəsində yerləşdiklərini dedi. Biz həmin ünvana yollandıq və birtəhər agentliyi tapa bildik. Binanın uzun dəhlizinin sonunda agentlik yerləşirdi. Agentliyin içi mini-ofisə bənzəyirdi, ilk baxışdan xoş təəssürat yaranırdı. Biz ofisə daxil olanda artıq içəridə bir neçə qadın var idi. Daha sonra bizi bir xanım qarşıladı və başladıq söhbətə.

İlk olaraq yaşımızı öyrəndi, qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsinin sürəti, 3-4 ədəd yaxşı görünüşlü şəkil tələb olunurdu. Qadın agentliyə tanışlıq üçün müraciət etmiş oğlanların ən cavanın 26 yaşda olduğunu söylədi və bildirdi ki, həmin oğlanların şəkillərindən ibarət kataloqa baxmaq üçün 5 manat ödəməliyik. Pulu verməsək heç bir oğlanı gördü yoxdur. Daha sonra əgər kataloqdakı oğlanlardan birini bəyənməli olsam, mənim şəklim ona göstəriləcək. Əgər hislər qarşılıqlı olsa, ilk görüşümüzdə 80 manat ödəməli olacağıq. Əgər oğlanla görüşdə bir-birimizi bəyənməsək, ödənilən həmin 80 manat iki il qüvvədə qalır, yəni iki il ərzində bəyəndiyim digər oğlana görüş təyin edə bilərəm. Bundan başqa, nişan, xına, toy olarsa, agentlliyə 100-300 manat arasında pul ödənilir.

Agentliyin nümayəndəsinin sözlərinə görə, narahat olmağa dəyməz. Belə ki, bu pulu adətən oğlan tərəfi ödəyir. Qeyd edək ki, bu agentlik vasitəsilə xarici ölkə vətəndaşları Almaniya, İsveç, Türkiyə, Rusiya və s. ölkələrdə yaşayan vətəndaşlarla da tanış olmaq mümkündür. Amma bir məsələ var ki, həmin şəxslər arasında cavan adam tapmaq müşkül məsələdir. Əcnəbilər əsasən 54, 65, 40 və s arasındadırlar.

Növbəti getdiyimiz tanışlıq bürosu İçəri Şəhərdə yerləşən “Natality” oldu. Buranı da tapmaq çətin idi. Çünki ofisin qapısının üzərində heç bir ad göstərilməmişdi. Digər bürodan fərqli olaraq, bu agentliyin ofisi darısqal idi, bizdən başqa isə müraciət edən yox idi. Oğlanların kataloquna baxmaq üçün öncədən 10 manat ödəmək tələb olunurdu. Lakin bizi qarşılayan qadın jest edib pulsuz olaraq kataloqu qarşımıza qoydu. Elə ən maraqlısı da buradan başlayırdı. Hər bir oğlanın şəkli və onlar haqda məlumat ayrıca faylda saxlanılırdı. Agentlik işçisi onları bizə təqdim etdikcə şəxsi məlumatlarını da verdi. Sizə deyim ki, onlar haqda məlumatı eşidən istənilən qızın həmin dəqiqə ərə getmək istəyi birəbeş artar. Məsələn, Xəlil (şərti ad) dövlət işində işləyir, 30 yaşı var, heç vaxt evli olmayıb, Azərbaycan, rus və ingilis dillərini bilir, şəxsi biznesi, evi var. Daha sonrakı oğlan, Azərbaycanın mobil operatorlarından birində çalışır, evi, şəxsi biznesi var. Digəri 30 yaşındadır, proqramçıdır, Rusiyada yaşayır, özünə evlənməyə qız axtarır. Və beləcə siyahı ən mükəmməl tərzdə davam edir. Bir anlıq özümü insan qaynaqları bürosunda hiss etdim. Ən yaxşı işçilər haqda məlumatlar. Buradakı şərtlər belə idi: “Bəyəndiyiniz oğlanla ailə həyatı qurmaq istəsəniz bizimlə müqavilə bağlanır. Toy zamanı 100 manat pul ödəməlisiniz. Əgər agentlik vasitəsilə tanış olanlar müqaviləni pozub, pul ödəməzsə, hüquqşünas sizi məhkəməyə verir. Bu yolla pulları geri almış oluruq. Biz də əcnəbi vətəndaşlarla tanışlıq həyata keçiririk”.

Pul məsələsi aydın oldu. Bütün bu proseslər baş verdikdən sonra həmin şəxslərin sonrakı talehi haqda hər hansı məlumatın yoxlanılması necə, bununla da maraqlanırlarmı? Bundan başqa, ailə həyatı quran şəxs qarşı tərəfin sağlamlığı, narkotik aludəçisi olması və ya ən ciddi məqamlardan biri- xarici vətəndaşla ailə qurub ölkəni tərk edib getdikdən sonra onun insan alveri qurbanına çevrilməməsinə necə təminat verirlər?

“Orxideya” tanışlıq agentliyin nümayəndəsi söhbətə başlayanda müştəriləri haqda ətraflı şəkildə bütün məlumatları topladıqlarını söylədi. Daha sonra, yəni bir neçə sualdan sonra yenidən bu sualıma qayıdanda xanım tamam başqa cavab verdi: “Xeyr, buna bizim vaxtımız çatmaz axı, ancaq həmin şəxslərin şəxsiyyət vəsiqəsində olan məlumatları toplayırıq”.

Məsələ ilə bağlı ilk olaraq hüquqşünasla danışmaq qərarına gəldik. Hüquq portallarından birinin təsisçisi, hüquqşünas Ramil Qaçayev açıqlamasında bildirdi ki, bütün dövlətlərdə tanışlıq agentlikləri ilə bağlı praktika var, sadəcə Azərbaycanda bu sahə yeni yaranır.

Hüquqşünasın sözlərinə görə, belə agentliklər əvvəlcə müştəri ilə müqavilə bağlamalıdırlar: “Müştəri bu müqavilədə göstərilən konkret təkliflərlə razılaşıb sənədi imzalayarsa, onda burada bir problem olmamalıdır. Amma, insan alveri kimi ciddi məsələlər baş verərsə, əlbəttə ki, onlar cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Hüquqşünasın sözlərinə görə, əslində müraciət edən şəxslər haqda məlumat toplamaq tanışlıq agentliklərinin marağında olmalıdır: “Məsələn, buraya tibbi arayışın tələb olunması daxil ola bilər. Amma həqiqətən agentliyə müraciət edən şəxslər onlar tərəfindən hər hansı bir ziyana məruz qaldıqda həmin agentliklərdən maddi və mənəvi ziyana görə təzmiant tələb edə bilərlər. Yenə də qeyd edirəm ki, müraciət edən şəxslər barədə kifayət qədər məlumat toplamaq agentliklərin marağında olmalıdır. Əks halda onlar bilməlidirlər ki, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Hüquqşünas kimi subyektiv fikrim belədir ki, təkcə, şəxsiyyət vəsiqəsi ilə kifayətlənmək heç bir halda düzgün deyil”.

Din də tanışlıq agentliklərinin əleyhinə deyil. İlahiyyətçi Hacı Şahin Həsənli deyir ki, dinə görə insanların bir-birilə tanışlığı əsasında kəbin kəsilə bilər. Din nə bunun əleyhinədir, nə də lehinədir: “Tanışlıq agentliyi dini baxımdan ziddiyyət təşkil etmir. Amma bu cür məsələlər müəyyən dərəcədə bizim əxlaqi düşüncələrimizə ziddir. Ailə hər hansı bir inzibati qurum deyil, ailə təbii qayda ilə yaradılmalıdır. Din də ailənin təbii yolla qurulmasının tərəfdarıdır. Cəmiyyətdə ailənin təbii yolla qurulma ənənəsi var və ailələr bu ənənə əsasında formalaşsa daha yaxşı olar”.

Vergilər Nazirliyinin Analitik-İnformasiya şöbəsinin verdiyi məlumata görə, Nazirliyin fəaliyyət istiqamətlərində tanışlıq xidməti deyilən bir şey yoxdur: “Məsələn, sahibkar qeydiyyatdan keçir və xidmət növünü seçib, qanunvercilik qadağan edilməyən istənilən fəaliyyətlə məşğul ola bilər. O cümlədən tanışlıq agentlikləri də qanunla qadağan edilməyən bir xidmətdir, amma xüsusi olaraq tanışlıq xidməti deyilən bir şey yoxdur. Məsələn, Aynurə Məmmədova Vergilər Nazirliyindən qeydiyyatdan keçir və qanun qadağan edilməyən hər hansı bir xidmət növü ilə məşğul olmaq istəyir. Bizi onun əldə etdiyi gəlir və ödədiyi vergilər maraqlıdır”.

Bir sözlə, belə agrntliklərə müraciət edən qızlara məsləhətimiz belədir ki, hüquqlarının pozulmamasını və insan alverinin qurbanı olmaq istəmirlərsə, xüsusilə də əcnəbi vətəndaşlarla tanış olarkən diqqətli olsunlar. Əks təqdirdə, tanışlıq agentliklərinin yalnız şəxsiyyət vəsiqəsi barədə məlumatları sizə yardımçı olmayacaq.

Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: