RSS Qidalandırıcısı

“EUROVİSİON-2012”: AZƏRBAYCANI NƏLƏR GÖZLƏYİR?…


57 illik tarix Bakıya gəlir…
Artıq bir neçə gündür Azərbaycan “Eurovision-2011”dəki qalibiyyət sevincini yaşayır. Məlum olduğu kimi, gələn il məhz ölkəmiz 57-ci “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Görəsən, Azərbaycan 43 ölkədən gələcək minlərlə qonağı ev sahibi kimi qarşılamağa, müsabiqəni lazımi səviyyədə keçirməyə hazırdırmı? 
Hazırlıq prosesinə keçməzdən öncə bütün dünyada məşhur olan “Eurovision” müsabiqəsinin tarixinə qısaca bir nəzər salaq. 

“Eurovision”un tarixi haqqında… 

İlk dəfə “Euovision Qrand Prisi” anlayışı 1955-ci il oktyabrın 19-da Avropa Yayımları Birliyi (EBU) Baş Məclisinin Romada keçirilən yığıncağında öz təsdiqini tapıb. Yığıncaq zamanı qərara alınıb ki, ilk yarışma 1956-cı il mayın 24-də Luqanoda, İsveçrədə baş tutsun. 

Birinci yarışmaya yeddi ölkə qatılır və onlardan hər biri 2 mahnı ifa edir. Bu, bir ölkənin birdən çox mahnı səsləndirdiyi ilk və tək yarışma idi. Yarışmanın ilk qalibi Lys Assia olur. O, ev sahibi olan ölkəni “Refrain” adlı mahnı ilə təmsil edib birincilik qazanır.

Bundan sonra müsabiqə getdikcə populyarlaşır. Yarışmaya qatılmaq istəyən ölkələrin sayı artır və bütün iştirakçıların eyni vaxtda ifa göstərməsi imkansızlaşır. Nəticədə müsabiqədə yeni qaydalar tətbiq olunmağa başlayır. Ən pis şəkildə təmsil edilmiş ölkələrin növbəti il yarışmaya qatılmayacağı qərara alınır… 2004-cü ildə isə bütün arzu edən ölkələr iştirak edə bilsin deyə, yarışma yarım final və final mərhələsinə bölünür. 

56 illik tarixi ərzində “Eurovision” müsabiqəsində qalib gələndən sonra bütün dünyada bir ulduz kimi parlayan ifaçılar olub. 1974-cü ildə “Waterloo” mahnısı ilə İsveçi təmsil edərək qələbə qazanan “ABBA” bütün zamanların ən uğurlu qruplarından birinə çevrilir. 1988-ci ildə müsabiqədə birinci olan Celine Dionun bu qələbəsi onun beynəlxalq karyerasının başlanmasına təkan verir. Bu sırada Toto Kutunyonu da misal göstərmək olar. 

Müsabiqənin indiyədək ən gənc qalibi Belçika təmsilçisi Sandra Kimdir. O, 1986-cı ildə 13 yaşında yarışmanın birinciliyinə imza atıb. Hazırkı yarışma qaydalarına görə isə, iştirakçının yaşı 16-dan aşağı ola bilməz. Bu baxımdan XXI əsrin ən gənc qalibi Almaniyadan Lena Mayer-Landrut, ən yaşlı qalibi isə Türkiyədən 38 yaşlı Sərtab Ərənər sayılır. 

Onu da qeyd edək ki, İrlandiya 7, Birləşmiş Krallıq, Fransa və Lüksemburq isə 5 dəfə müsabiqədə birincilik qazanaraq yarışmanın ən uğurlu iştirakçılarına çevriliblər. 
Azərbaycan isə bu müsabiqəyə ilk dəfə 2008-ci ildə qoşulub. Həmin il ölkəmizi Samir Cavadzadə və Elnur Hüseynov dueti təmsil edib. “Eurovision”da Azərbaycanın ilk təmsilçiləri musiqisi Gövhər Həsənzadəyə, sözləri Zəhra Bədəlbəyliyə məxsus “Day after day” mahnısını möhtəşəm şəkildə ifa edərək 8-ci yeri tutublar. Bu mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Növbəti il Moskvanın “Olimpiysk” kompleksində Aysel və Araş “Always” mahnısı ilə ölkəmizin adını üçüncü pilləyə yüksəldib. Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” yarışmasında isə Səfurə Əlizadə “Drip drop” mahnısını ifa edib. Təmsilçimiz bu çıxışı ilə beşinci yerə çıxıb. Bu il isə Almaniyanın Düsseldorf şəhərində “Esprit arena”da baş tutan “Eurovision-2011”də Azərbaycan Eldar Qasımov və Nigar Camalın “Running scared” mahnısı ilə təmsil olunub. Məhz bu ifa müsabiqədəki 4 illik iştirakı müddətində ilk dəfə ölkəmizə qələbə qazandırıb. Eldar Qasımov və Nigar Camal “Running scared” mahnısı ilə birincilik əldə etməklə yanaşı Azərbaycanın üzərinə ev sahibliyi etmək kimi məsuliyyətli bir öhdəliyi də qoyub. 

“Eurovision-2012” harada keçiriləcək? 

Qaydaya görə, müsabiqəyə hazırlıq mərhələsi qələbədən bir neçə həftə sonra başlayır. Adətən yarışma qalib ölkənin paytaxtında keçirilir. Ancaq istisnalar da olur, əlbəttə. Məsələn, elə “Eurovision-2011” Almaniyanın paytaxtı Berlində yox, Düsseldorfda keçirildi. İndiyədək “Eurovision”un keçirildiyi ən böyük məkan Kopenhagendəki “Parken” futbol stadionu olub (2001-ci il). Həmin vaxt stadionda 38 min tamaşaçı vardı. Müsabiqəyə ev sahibliyi edən ən kiçik şəhər İrlandiyanın cəmi 1500 əhalisi olan Millstrit şəhəri olub. Amma buna baxmayaraq, 1993-cü ilin mayında Millstrit şəhərinin “Green Glins Arena”sına daha çox tamaşaçı toplaşmışdı. 

Azərbaycanın bu müsabiqəni hansı məkanda keçirəcəyi isə artıq indidən ən çox müzakirə olunan və maraq obyektinə çevrilən mövzudur. Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksi (8 min tamaşaçı), “Şəfa” stadionu (8 minə qədər), Əl oyunları idman sarayı (3 min) və başqa məkanlar var. Lakin onların tutumu yetərli deyil. Hazırda Azərbaycanda ən çox tamaşaçı tutumu olan yeganə məkan Tofiq Bəhramov adına Respublika stadionudur ki, burada təkcə oturacaqların sayı 30 minə qədərdir. Ancaq müsabiqənin burada keçirilməsi üçün xeyli təmir işləri həyata keçirilməlidir – stadionun üstü bağlanmalı, oturacaqlar dəyişdirilməlidir və s. 

“Eurovision-2012” müsabiqəsinin keçirilməsi məqsədilə Bayraq Meydanının yaxınlığında üstüörtülü arena inşa olunacaq. Arena idman və konsert tədbirləri üçün nəzərdə tutulacaq. Onun ən azı 20 min nəfərlik tamaşaçı tutumu olacaq. Müsabiqə gələn ilin mayında keçiriləcəyindən, tikinti işlərinə tezliklə başlanılacaq və vaxtında istifadəyə verilməsi üçün işlər intensiv həyata keçiriləcək. 

Gənclər və idman naziri Azad Rəhimov da müsabiqənin keçiriləcəyi məkanla bağlı üç versiyanın gündəmdə olduğunu açıqlayıb. Bunlardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksi, digəri Tofiq Bəhramov adına Respublika stadionudur. Nazir üçüncü variant olaraq Dənizkənarı Parkda və ya Bayraq Meydanında yeni, böyük konsert kompleksinin tikmək mümkünlüyünü də istisna etməyib. 

Lakin bununla bağlı hələ dəqiq qərar verilməyib. Odur ki, mülahizələri bir kənara qoyub veriləcək konkret qərarı gözləməkdən başqa bir şey qalmır. 

Qeyd edək ki, dünən prezident İlham Əliyev “Eurovision 2012” müsabiqəsinin Bakıda keçirilməsi haqqında sərəncam da imzalayıb. Sərəncama əsasən, “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. 

“Birinci müzakirə zamanı ilkin variantlar məlum olacaq” 

“Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli də yarışmanın keçiriləcəyi məkanla bağlı hələ heç bir rəsmi müzakirənin aparılmadığını deyir. O hesab edir ki, iyunun 20-də EBU-nun baş ofisində keçiriləcək birinci müzakirə zamanı ilkin variantlar artıq məlum olacaq: “Bakıda müsabiqənin keçirilməsi üçün lazımi məkanlar var. Amma əlbəttə ki, hər məkanı da təqdim etmək düzgün deyil. Mümkün variantlar tam ölçülüb-biçiləndən, standartlara uyğunluğu yoxlanılandan sonra təsdiq üçün təqdim olunması mümkünlüyü araşdırılacaq. Sonra rəsmi şəxslərin iştirakı ilə müzakirə aparılacaq və hesab edirəm ki, uğurlu həllinə nail olacağıq. Dəqiq vaxtı hələ məlum olmasa da, yəqin ki, birinci müzakirə zamanı ilkin variantlar artıq məlum olacaq”.

Hələ “Euro-club”lar da yaratmalıyıq… 

Nümayəndə heyətinin rəhbəri EBU tərəfindən təsdiq olunmuş müvafiq təlimata uyğun olaraq yarışmaya ev sahibliyi edəcək ölkə qarşısına qoyulan şərtlərdən də danışır. Onun sözlərinə görə, ölkə tədbirin keçirilməsi üçün o şərtlərə riayət etməlidir: “Əsasən infrastruktur uyğun olmalıdır. İnfrastruktur dedikdə ilk əvvəl konsertin keçirilmə məkanı nəzərdə tutulur. Bir sıra tələblər var ki, məkan bütövlükdə onlara uyğun gəlməlidir. Hər bir şərtin təlimata uyğun olub-olmamasını ekspert komissiyası yoxlayır. Digər tələblər də var. Məsələn, xarici jurnalistlərin qəbul edilməsi, işləməsi üçün mətbuat mərkəzi yaradılmalıdır. Bundan başqa, “Euro-club”lar olmalıdır. “Euro-club”lar “Eurovision”a gələn fanatların, nümayəndə heyəti üzvlərinin, jurnalistlərin axşamlar dincəlməsi üçündür, həm də bir növ hər bir ölkə təmsilçisi üçün təbliğat xarakteri daşıyır. Yəni, təmsilçi orada öz mahnısını ifa edə bilər və s. Təhlükəsizlik məsələləri ilə bağlı xüsusilə ciddi tələblər mövcuddur. Hər bir kəsin təhlükəsizliyi, həyatı sağlamlığı xüsusi mühafizə olunmalıdır. Bu baxımdan, Almaniyada çox ciddi tədbirlər görülmüşdü, dövlət təhlükəsizliyə təminat vermişdi. Təbii ki, texniki, yaradıcı şərtlər də var”. 

Sadələşmiş viza rejimi

Adil Kərimlinin fikrincə, ölkəmizin inkişaf səviyyəsi bu cür tədbirləri yüksək səviyyədə təşkil etməyə imkan verir. Buna misal olaraq, o, keçən ilin iyul ayında Bakıda keçirilən EBU-nun Baş Assambleyasının 64-cü yay sessiyasını xatırlayır: “O sessiya 74 telekanalın rəhbərlərinin iştirakı ilə keçmişdi. O vaxt ekspert komissiyası tədbirdən öncə bura gəlmişdi. Onların fikri belə olmuşdu ki, Bakıda bu cür tədbirlərin keçirilməsi üçün kifayət qədər infrastruktur mövcuddur. Odur ki, gələn il ölkəmizə gələcək on minlərlə qonağı yerləşdirməkdə problem olacağını düşünmürəm. Bu ilin sonuna qədər beş yeni beşulduzlu otel açılacaq. Bunun özü də qonaqların yerləşdirilməsi işini asanlaşdıracaq. İctimai nəqliyyatın hərəkətində, tənzimlənməsində də bir inkişaf mövcuddur. Bu da Avropa standartlarına tam uyğunlaşdırılacaq və gələn qonaqların istifadəsinə təqdim olunacaq. Bundan başqa “Turizm ili” ilə əlaqədar olaraq Azərbaycan sadələşdirilmiş viza rejiminə keçəcək. Bu, tətbiq olunandan sonra əlavə hər hansı bir prosedura ehtiyac olmayacaq. Sadələşdirilmiş viza sistemi imkan verəcək ki, Azərbaycana gələcək qonaqlar öz vizalarını rahatlıqla əldə edib ölkəyə giriş hüququ qazansınlar”.

“Biz hazırıq” deyənlər var… 

Xatırlatmaq yerinə düşər ki, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov “Eurovision” yarışmasının keçirilməsinə Azərbaycan rabitəsinin hazır olduğunu, şəbəkənin qısa müddətdə daha yüksək vəziyyətə gətiriləcəyini bildirib. Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov da “Eurovision 2012” mahnı müsabiqəsinədək paytaxtın nəqliyyat şəbəkəsinin tam mükəmməl hala gətiriləcəyini deyib: “Gələn il paytaxtımızda keçiriləcək “Eurovision 2012” müsabiqəsinədək bütün yol-nəqliyyat şəbəkəsi tam hazır vəziyyətdə olacaq”.

“Çoxları o cür oteldə qalmayacaq” 

Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent, eyni zamanda “Sevgün travel” turizm şirkətinin rəhbəri Bahadur Bilalov da gələn qonaqların yerləşdirilməsi ilə bağlı hər hansı bir problem olmayacağı qənaətindədir. Ekspert qeyd edir ki, hazırda Azərbaycanda 499 otel var. Onlardan 105-i Bakıdadır. Bir nəfərlik otel yeri isə 37 min nəfərlikdir: “Amma nəzərə alsaq ki, müsabiqə gələn il keçiriləcək, o vaxta qədər bu yerlərin sayı xeyli artacaq. O baxımdan, hesab edirəm ki, problem olmayacaq”. 

Bahadur Bilalov başqa bir məsələyə diqqət çəkir. Bu da gələn qonaqların heç də hamısının oteldə qalmayacağı ilə bağlıdır: “Bu müsabiqəyə daha çox cavanlar gedir. Onları da 5 ulduzlu otellər maraqlandırmır. Onlar üçün əsas odur ki, yatmağa yer və əylənməyə imkan olsun. Həm də 5 ulduzlu oteldə baha başa gəlir. Nümayəndə heyətləri orada qala bilər, çünki onların vəsaitini dövlət ödəyir. Amma canlı çıxışı görmək üçün gələcək adi xarici vətəndaş o qədər pulu verib oteldə qalmaz. Bakıda bu gün 5 ulduzlu otelin bir gecəsi 150 manatdan aşağı deyil. Çoxları bu qədər pul xərcləyib o cür oteldə qalmayacaq. Ona görə də ucuz variantlar təqdim etməyi düşünmək lazımdır”. 

“Çadır da qurmaq olar” 

Ekspert, buna misal olaraq, Avropa ölkələrində “hoster” deyilən gecələmə yerlərinin adını çəkir. Bu “hosterlər” xüsusən cavanlar üçün nəzərdə tutulub: Bunlar məhdud rahatlığı olan yerlərdir – başının üstündə örtükdü, yuyunma yeri var. Düzdür, bizdə hələ ki belə şəbəkə yoxdur. Amma məsələn, yüngül konstruksiya ilə gecələmə yerləri təşkil etmək olar. Gələn qonaqların sayını biləndən sonra müvəqqəti yerləşmə vasitələri düzəltmək mümkündür. Mən deyərdim ki, hətta uyğun yerlər seçib, çadır şəhərciyi də qurmaq mümkündür. Təbii ki, bu məsələ ilə təşkilat komitəsi və dövlət orqanları məşğul olmalıdır, bu, turizm şirkətlərinin işi deyil. Turizm şirkətləri mövcud mehmanxanalarla işləyə bilər. Amma bizdə qəribə tendensiya var – tələbat artdıqca mehmanxanaların da qiymətləri qalxır. Mən qorxuram ki, indi gecəsini 50 manata təqdim edən mehmanxana o vaxt fürsətdən istifadə edib qiyməti qaldırsın. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər əlaqədar qurumlar bu məsələnin qarşısını almalıdır. Yəni, söhbət qiymətlərin artımından yox, endirimindən getməlidir. Elə etmək lazımdır ki, bura birinci dəfə gələn turistlər qiymətlərdən qorxub qaçaq düşməsinlər. Turizm şirkətləri də artıq indidən bu işlə ciddi məşğul olmalı, özlərinin xidmətlərini xarici ölkələrə çıxarmalı, təqdim etməlidir. İkincisi, gələn qonaqların aeroportda qarşılanması, gecələmə yerlərinə transfer olunması, qidalanması yüksək səviyyədə təşkil olunmalıdır. Bu da təbii ki, yerli turizm şirkətlərinin peşəkarlığından asılı olan xidmətlərdir”. 

“Hamı kartla gələcək” 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, Azərbaycanın “Eurovision-2012” müsabiqəsinə ev sahibliyi etməsində iqtisadi baxımdan heç bir problem yoxdur. Çünki indiyədək ölkəmiz idmanla bağlı müxtəlif tədbirlərin təşkilatçısı olub. Amma bununla belə iqtisadçı hesab edir ki, “Eurovision”a ciddi hazırlaşmaq lazımdır. Çünki bu, mədəni müsabiqə olsa da belə, onun iqtisadi və siyasi tərəfləri var. 

Vüqar Bayramov müsabiqənin təşkili ilə bağlı Ukrayna modelinin tətbiqi olunmasının tərəfdarıdır: “Düzdür viza sistemi sadələşdiriləcək. Amma bu, yetərli deyil. Azərbaycanda da Ukraynada olduğu kimi viza sisteminin sadələşdirilməsi aparılmalıdır. Müsabiqə Ukraynada keçirilən zaman gələnlərin sayının artırılması, eləcə də ölkənin daha çox tanıdılması məqsədilə “Eurovision” başlamazdan 3 ay əvvəl və müsabiqədən 3 ay sonra vizasız rejim elan edildi. Bundan başqa, “Eurovision”a qədər nağdsız hesablaşmalardan istifadəni sürətləndirmək və genişləndirmək vacibdir. Biz təklif edirik ki, 2012-ci ilin yanvar ayının 1-ə kimi nağdsız hesablaşmaların aparılması üçün kartları qəbul edə bilməyən bütün xidmət müəssisələrinə inzibati cəza tətbiq olunsun. O vaxta qədər nağdsız hesablaşmalardan istifadə üçün aparatların quraşdırılması ilə bağlı ciddi göstərişlər verilsin. Çünki müsabiqəyə gələcək insanların böyük əksəriyyəti özü ilə nağd pul götürmür, əsas ödənişləri kartlar vasitəsilə edir”.

Xidmət sahələri üçün təlimlər

Ekspert digər vacib məqam kimi nəqliyyat sisteminin, o cümlədən ictimai nəqliyyatda ödənişlərin Avropa standartlarına uyğunlaşdırmasını göstərir: “Ölkə daxili nəqliyyatda qiymətlərin tənzimlənməsi olduqca vacibdir. Bundan əlavə qiymətlərin tənzimlənməsinə, süni qiymət artımına qarşı mübarizəyə ehtiyac var. Mədəniyyət və Turizm Nazirliyi otel işçiləri, o cümlədən digər xidmət sahələrində çalışanlar üçün təlimlər keçirməlidir. Ölkəyə birinci dəfə gələnlər üçün qiymətlərin səviyyəsi, xidmətlərin keyfiyyəti olduqca vacibdir. Çünki “Eurovision” dövründə Azərbaycana gələnlər potensial turistlər olacaq. Yəni, onların sonradan Azərbaycana gəlməsi, ölkə ilə bağlı rəylərinin daha düzgün formalaşması olduqca əhəmiyyətlidir. Xidmətlərin keyfiyyətini Avropa standartlarına yaxınlaşdırmaq mümkün olarsa, bu, Azərbaycanın turizm imkanlarının tanıdılması baxımdan prosesə müsbət təsir edər”. 

80 milyon… az deyil! 

İqtisadçının sözlərinə görə, “Eurovision-2012”nin Azərbaycan iqtisadiyyatına ən böyük təsiri turizm sektorunda özünü göstərəcək: “Təxmini hesablamalara görə, təkcə “Eurovision” müsabiqəsinə gələn turistlər ölkənin turizm sektoruna 80 milyon manat xeyir verəcək. Amma uzun müddətli perspektiv, xüsusən turizm sektorunun inkişafı baxımından məsələyə yanaşdıqda, gəlirlər təbii ki, daha böyük olacaq. Bunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi yetərincə və yararlı faydalanmalıdır. Ümumiyyətlə, mən güman etmir ki, Azərbaycan ziyana düşə bilər. Əgər müsabiqə üçün xüsusi arena tikilsə belə, o məkan artıq tarixə düşmüş olacaq. Hətta yarışma başa çatdıqdan sonra Azərbaycana gələn insanlar ölkənin tarixi yerləri ilə yanaşı, “Eurovision-2012”nin keçirildiyi məkan kimi oranı da ziyarət edəcəklər. Ancaq bu müsabiqədə qalib olmağımız və müsabiqənin Azərbaycanda keçirilməsi böyük və sevindirici bir tarixi hadisədir”.

INWALLAH gelen il AZERBAYCAN ucun 1daha ugurlu olar…

Advertisements

Ağalar Mikayıllı haqqında

Mikayıllı Ağalar Agaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetini bitirmişəm. "Engin Ltd" şirkətində Satış Operatoru vəzifəsində çalışıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən biriyəm!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Şərh üçün bağlıdır.

%d bloqqer bunu bəyənir: