ABŞ-ın nüfuzlu CNN telekanalında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında reportaj yayımlanmışdır.Mayın 7-dən başlayaraq ABŞ-ın nüfuzlu “CNN International” televiziyasında ANS telekanalının jurnalisti Sevinc Osmanqızının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxsahəli fəaliyyəti barədə reportajı yayımlanır. Çoxmilyonlu beynəlxalq auditoriyaya çatdırılan süjetdə qeyd olunur ki, Mehriban xanım Əliyeva müsəlman ölkəsi olan Azərbaycanın sosial həyatına təsir edən ilk birinci xanımdır. Qızlar özlərini ona bənzətmək, onun kimi davranmaq, onun kimi görünmək istəyirlər. Azərbaycanın birinci xanımı alimdir, ictimai xadimdir, deputatdır, anadır. Bu cazibədar xanımın üç övladı, iki nəvəsi vardır. Göründüyü kimi, o, hər şeyə sahibdir. Reportajda bildirilir ki, Mehriban xanım Əliyeva həyat yoldaşı İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra daim cəmiyyət arasındadır. Mehriban Əliyeva Azərbaycanda yalnız həyat yoldaşı ilə birlikdə cəmiyyət arasına çıxan ilk birinci xanım deyildir, o, həm də dəyişən dəyərləri müsbət məcraya yönəldən insandır. Azərbaycanın birinci xanımı insanlara yardım göstərir, ölkədə qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasına rəhbərlik edir, idmanı və sağlam həyatı təbliğ edir. YUNESKO-nun xoşməramlı səfiri kimi mədəni ənənələri inkişaf etdirir. Öz xoşməramlı fəaliyyəti ilə Mehriban xanım Əliyeva nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da böyük rəğbət qazanmışdır. Karyerasını və ailə həyatını balanslaşdırmaqla Mehriban xanım Əliyeva vəziyyətin qadınların xeyrinə dəyişdirilməsində əsas rolu üzərinə götürərək cəmiyyətdə çox sevilən bir insana çevrilmişdir. Dünya tamaşaçılarının dörd gün imkanı olacaq ki, Azərbaycanın birinci xanımını daha yaxşı tanısınlar. |