Zamanın bütün dönəmlərində haqsızlıqlar olur. İkinci Dünya müharibəsinin veteranı Aslan Eyvazov (bu il martın 1-də dünyasını dəyişib) 1942-ci ildəki haqsızlığı heç vaxt dilinə gətirməz, əksinə deyərmiş ki, Vətənə borcumu qaytardım. Aslan müəllim müharibədə göstərdiyi igidliklərdən də xəsisliklə danışarmış. Təkid edəndə isə deyərmiş ki, hərə müharibədə iştirakından ağız dolusu danışsa, onda bəs, həlak olan, özü də qəhrəmancasına həlak olan milyonlardan kim danışmalıdır.
Aslan Eyvazov 1926-cı ildə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub. 1941-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Alman faşistlərinin SSRİ-yə hücumu ilə əlaqədar iki qardaşı cəbhəyə yola düşdüyündən həmin il ali təhsil ardınca gedə bilmir. 1942-ci il mart ayının 1-də, hələ 16 yaşı tamam olmamış Aslanı hərbi səfərbərliklə əlaqədar hərbi xidmətə çağırırlar. Səbəb də göstərirlər ki, onun doğum tarixi düzgün qeyd olunmayıb. Guya, o, 1923-cü ildə anadan olub. Kiminsə donosu əsas götürülür. Aslan müəllim danışırmış ki, mən buna etiraz etmədim. Çünki hər yerdə vətənpərvərlik tərbiyəsi çox yüksək səviyyədə aparılırdı. Hamımız cəbhəyə can atırdıq.
Bu çəlimsiz uşağı cəbhədə görən zabitlər, yaşlı döyüşçülər onu bura göndərənləri açıq-açığına lənətləyirmişlər. Ancaq tezliklə o, komandirinin sevimlisinə çevrilir.
Onda olan təpər, hünər, qorxmazlıq bu yeniyetməni hamıya tanıdır.
Aslan Eyvazov 416-cı Azərbaycan atıcı diviziyasının tərkibinə göndərilir. Bu zaman faşist orduları Qafqaz istiqamətində güclü hücuma keçmişdilər. Yeri gəlmişkən qeyd edək ki, Qafqaz uğrunda döyüşlərdə faşist ordusunun hərbi qüvvəsi Sovet ordusundan piyada hissələr üzrə 1,5 dəfə, top və minamyotlarla 2,1 dəfə, tanklarla 2,3 dəfə, təyyarələrlə 1,7 dəfə çox idi. Almaniyanın 1-ci tank ordusu, 4-cü tank ordusunun bir neçə diviziyası, iki səhra ordusu sovet ordu birləşmələrinin Şimali Qafqazda müdafiə xəttini yararaq sürətlə irəliləyirdi. Şəxsi heyətin 92 faizdən çoxu azərbaycanlılardan ibarət olan, böyük əksəriyyəti hələ döyüş görməmiş 416-cı diviziya 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurd rayonuna göndərilir. Bir ay sonra 58-ci ordunun tərkibində Sulak çayının şərq sahilində ağır döyüşlərə girir, Mahaçqala istiqamətində düşmənin hücumunun qarşısını alır. Noyabr ayında yenidən 44-cü ordunun tərkibinə verilir. Terek stansiyasına, yeni döyüş xəttinə göndərilir.
A.Eyvazov artıq müharibənin ob-alovunu görmüşdü. Necə deyərlər, dizləri də bərkimişdi. Canındakı ölüm xofunu da “öldürmüşdü”. Hər döyüşdə həlak olan yüzlərlə yoldaşı onu dözümlü, dəyanətli etmişdi, düşmənə qarşı intiqam hissini gücləndirmişdi.
Sovet qoşunlarının 1942-ci ilin noyabr ayının 30-da Qafqazda cəbhə boyunca başlanan hücumu düşməni xeyli geri oturtdu. Bu hücumlarda 416-cı diviziyanın bir neçə alayı, o cümlədən Aslan Eyvazovun tərkibində olduğu 1368-ci alay da iştirak edirdi. 1942-ci il dekabrın son günlərində 1368-ci alay Mozdok istiqamətində ağır döyüşlərdə iştirak edirdi. Düşmənə ciddi müqavimət göstərirdi. Alayın aldığı tapşırıq isə qəti idi: düşmənin müdafiə xətti yarılmalıydı.
Artıq üzbəüz döyüş gedirdi. İtkilərin sayı-hesabı yox idi. Ancaq əsgərlərimiz yalnız düşmənin öndəki səngərinə zorla yaxınlaşa bilmişdi. Aslan müəllim o döyüşü həmişə xatırlayırmış. Deyirmiş ki, Məmmədov familiyalı əsgər qəflətən ucadan “Doğma Azərbaycan uğrunda!” deyərək özünü düşmən səngərinə atdı. Ardınca da biz. Əlbəyaxa döyüş başlandı.
Əsgər Məmmədovun ardınca özünü düşmən səngərinə atan Aslan oda-alova dönür. İndiyədək gözünün qarşısında həlak olan döyüş yoldaşlarının intiqamını almaq üçün daha çox faşist öldürməyə çalışır. Bu qəhrəmanlığı ona şöhrət gətirir. Taqım komandirinin köməkçisi təyin edilir, leytenant rütbəsi verilir. Bu qəhrəmanlığına görə 1-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif olunur.
Sonralar bu döyüşü xatırlayaraq deyirmiş: heç bilmədim necə sağ qaldım. Hər tərəfim almanlar idi. Onları süngü ilə öldürürdüm. Mənə gözləri böyümüş şəkildə baxırdılar.
Qafqaz uğrunda döyüşlər 1942-ci il iyulun 25-dən 1943-cü il oktyabrın 9-dək davam etdi. Bundan sonra faşistlər geri çəkilməyə başladılar. 416-cı Qırmızı Bayraqlı Taqanroq—Azərbaycan diviziyası da bir-birinin ardınca qələbələr əldə edərək sürətlə irəliləyirdi. Gənc döyüşçü Aslan Eyvazovun sinəsində də döyüş orden və medallarının sayı artırdı.
1943-cü ildə Ukrayna uğrunda ağır döyüşlər gedirdi. Aslan Eyvazovgilin taqımı öndə idi. Faşistlər müqavimət göstərməyin mənasız olduğunu görüb müdafiə oluna-oluna geri çəkilirdilər. Sentyabrın 16-sı idi. Leytenant Aslan Eyvazov ağır yaralandı. Əvvəlcə Mariopol hərbi hospitalında, daha sonra Bakıdakı hospitallarda müalicə olundu. 1944-cü ilin may ayında onu hospitaldan buraxdılar. İkinci qrup əlil kimi, A.Eyvazovun təkidlərinə baxmayaraq, onun döyüşən orduya qayıtmağına icazə vermədilər. 1944–1947-ci illərdə Zərdab rayon Partiya Komitəsində katib köməkçisi işlədi. Sonra Azərbaycan KP MK nəzdindəki partiya məktəbini bitirib Zərdab rayonunda müxtəlif vəzifələrdə çalışdı. 1951–1956-cı illərdə A.Jdanov adına Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil aldı. Türk dilləri ixtisasına yiyələndi. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda elmi işçi, daha sonra Bakı Dövlət Universitetində baş müəllim kimi fəaliyyətini davam etdirdi. Ömrünün sonuna kimi türk filologiyası kafedrasında çalışdı, professor elmi rutbəsinədək yüksəldi. Şərqşünaslıq fakültəsində dekan müavini, dekan vəzifələrində çalışdı. Türk, Azərbaycan və rus dillərində türkologiyanın müxtəlif sahələrinə dair 7 kitab və 20-yə qədər elmi məqaləsi çap olundu.
Aslan müəllim Qələbənin 60 illiyini səbirsizliklə gözləyirdi. Deyirdi ki, Böyük Vətən müharibəsində Bakının, Azərbaycanın və azərbaycanlıların xidməti mütləq qiymətləndiriləcək. Bakı layiqli qiymətini alacaq.
Bir də onun doğulduğu ay və gün məlum deyildi. Qələbə gününü özünə doğum günü seçmişdi. Qələbənin 60 illiyi ərəfəsində Aslan müəllimi anmağı borc bildik. Tələbələrinin, dostlarının, doğmalarının qəlbində yaşayan bu igid döyüşçü və tanınmış alim yaşadığı illərdə, özünün sözü ilə desək, Vətənə, xalqa borcunu artıqlaması ilə qaytarıb.”ALLAH” rehmet etsin…