RSS Qidalandırıcısı

TV-YƏ SƏSİ ÇATMAYANLAR…

Kar və lallar Tv-lərdə tərcümə edilmir.Allah bütün insanlara eşitmək, danışmaq qabiliyyəti vermir. Eşidib danışmaq hissindən, vərdişindən xəbərsiz olan insanlar eşidən və danışan insanlardan fərqli olaraq daha möhkəm yaddaşa malik olur. Defektoloq-loqepedlər bildirir ki, lallar və karlar bütün informasiyaları çətinliklə qavradığı üçün eşitdiklərini mümkün qədər yadda saxlamağa çalışır.
Allah bu insanlardan nitq qabiliyyətini, eşitmək hissini alsa da, əvəzində onlara etibarlı yaddaş verib. İnsanlar hadisələri eşitmək, görmək vasitəsilə yadda saxlayır, nitqin də formalaşmasında eşitməyin xüsusi rolu var. Eşitmək imkanı məhdud olan insanların danışması mümkün deyil, bu baş verərsə çox qəribə görünər.

Kar və lallar, zəif eşidənlər üçün paytaxtda bir neçə internat məktəbi fəaliyyət göstərir. Zəif eşidənlərə daktil əlifbası keçilir və onlar bu qrafikanı mənimsədikdən sonra normal oxuyub yaza bilir. Lal və karlar üçün olan məktəblərdə də eşitmək və danışmaq qabiliyyətindən məhrum olanlara da bu əlifbanın öyrədildiyi bildirilir. Bu insanlar yazı və işarələr vasitəsilə bir-birini başa düşür, bir-birilə ünsiyyət qurur. Lal və karların oxuduğu əlifba ilə kitab, qəzet və jurnalların nəşr edilib edilməməsi haqda məlumat əldə edə bilmədik.

Bu gün lal və karların informasiya almaq baxımından çox ciddi problemləri var. Onlar demək olar ki, televiziyalarda gedən proqramlarda nədər söhbət getdiyini anlamır. Amma son illərə qədər Azərbaycan Televiziyasında bir sıra proqramların nümayişi zamanı lal və kar auditoriyanın anlaması üçün tərcüməçilər olardı. Onlar ağız, əl hərəkətlərilə, mimika və jestlərlə aparıcının, müxbirin, müsahibin nədən danışdığını lal və karlara anladardı. Onlar da heç olmasa ölkədə gedən ictimai siyasi proseslərdən, sosial vəziyyətdən, mədəniyyət aləmindən xəbər tutardı. Son zamanlar isə Azərbaycan televiziyasında bu tərcüməçilərin xidmətindən istifadə edilmir. Başqa televiziyalar da buna heç maraq göstərmir.

Türkiyə, Rusiya və başqa ölkələrin telekanallarında son zamanlar lal və kar auditoriyanın da televiziya verilişlərinə baxmasına xüsusi diqqət yetirilir. Belə ki, bir çox kanallarda tərcüməçilər işləyir, onlar lal və karları informasiya ilə təmin edir. Məlumatımıza görə, hətta bəzi xarici kanallarda onlar üçün məxsusi proqramlar var, bu proqramda lal və karlar iştirak edir.

Bütün inkişaf etmiş cəmiyyətlərdə fiziki qüsuru olan insanların cəmiyyətə adaptasiyası istiqamətində həm dövlət qurumları, həm ictimai təşkilatlar böyük işlər görür. Dövlətimiz lal və karların təhsil alması, cəmiyyətə inteqrasiya edilməsi və s. sahələrdə layihələr həyata keçirir. Bunun nəticələri də var. QHT-lər, ictimai təşkilatlar isə bu sahədə nəzərəçarpan işlər görmür.

Sovet dövründə isə, onlara informasiya almaq şəraiti yaradılırdı. Bundan əlavə, lal və karlar üçün müxtəlif kombinatlar, fabriklər fəaliyyət göstərirdi. Onların əl əməyi nəticəsində ərsəyə gələn məhsullar nəinki Azərbaycanda hətta bütün SSRİ məkanında satılırdı. Bu da lal və karların normal səviyyədə təminatı demək idi. Bu gün isə, vəziyyət fərqlidir. Lal və karların təhsil alması üçün məktəblər var, iş yerlərinin sayı isə yetərincə deyil.

Xəbərlər və digər verilişlərdə deyilənləri lal və kar tamaşaçılara anlatmaq üçün tərcüməçilər yoxdur. Ümumiyyətlə, AzTV-də bu ştat ləğv olunub, o birilər isə bunu yaratmaq istəmir.

Loqopedlərin sözlərinə görə, televiziyalar öz verilişlərini yalnız danışan və eşidəni auditoriya üçün hesablamalı deyil, onlar fiziki cəhətdən qüsurlu olan auditoriyanı da nəzərə almalıdır. Lallar, karlar televiziyaya maraqla baxır, amma orada baş verənləri başa düşmədikləri üçün kədərlənir.

Azərbaycan Karlar Cəmiyyətinin 1 saylı müəssisəsinin rəhbəri Ayaz Məmmədov söhbətində qaldırılan məsələnin çox aktual olduğunu bildirdi. A.Məmmədovun sözlərinə görə, son illərə qədər AzTV-də tərcüməçilər işləyirdi, onlar lal və kar tamaşaçıları anladırdı: “Bu tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salırdı. Təbii, onlar da verilişə baxırdılar. İndi isə bu tərcüməçilər yoxdur. Mənə elə gəlir ki, televiziyalar lal və karlar üçün nəzərdə tutulan tərcüməçini artıq pul xərcləməməkdən ötrü efirə buraxmır. Amma bilmirlər ki, lal və karların buna böyük ehtiyacı var. Cəmiyyətin bütün üzvləri kimi onlar da məlumat almaq istəyir, ancaq ala bilmirlər”.

A.Məmmədovun bildirdiyinə görə, əvvəllər Karlar Cəmiyyətinin nəzdində bir neçə müəssisə fəaliyyət göstərib, kar və lalların istehsal etdiyi məhsullar ittifaq bazarında satılıb. Vaxtilə Korlar Cəmiyyətinin “milyoner” təşkilat olduğunu deyən A.Məmmədov bildirdi ki, indi həmin imkanları olsaydı lalların televiziya verilişlərinə baxmasının təmin edilməsi üçün maliyyə vəsaiti xərcləyərdilər: “İndii bizim təşkilatın imkanı yoxdur. Müəssisələrimizdə istehsalat dayanıb. Əvvəllər hər şey istehsal edirdik və böyük pullar qazanırdıq. İndi isə balansımızda olan avadanlıqları, yerləri icarəyə verməklə dolanırıq. İmkanımız olsaydı o tərcüməçilərin işləməsinə yardım edərdik. Televiziyalar kar və lal tamaşaçıları nəzərə alıb verilişlər hazırlasa, yaxşı olar. Tərcüməçilər efirə cəlb edilsə, lallar və karlar televiziyaya baxar”.

Zəif Eşidən Uşaqlar üçün İnternatın direktoru Kamil Məmmədov da Ayaz Məmmədovun fikirlərinə şərikdir. K.Məmmədov da lal və karlar üçün telekanallarda tərcüməçilərin olmasını vacib sayır: “Düşünürəm ki, tərcüməçilərin mövcud olması vacibdir. Kar və lal auditoriya da informasiya almalıdır. Onların buna ehtiyacı böyükdür. Hər şeyi birdən etmək mümkün deyil. Hər şey tədricən həyata keçiriləcək”.

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Bir cavab