RSS Qidalandırıcısı

Azərbaycan Dövlət Neft Akademiyası…

Azərbaycan Dövlət Neft Akademiyası…

Azərbaycan Dövlət Neft Akademiyası

10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır.1896-cı ildə texniki məktəb “Bakı aşağı səviyyəli texniki məktəbə” çevrilmişdir. 18961905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi.1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfər azərbaycanlı idi.1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin “Bakıda politexnik institutunun yaradılması haqqında” dekreti elan edildi.

Azərbaycan Dövlət Neft Akademiyası

Dekretdə aşağıdakılar qeyd olunmuşdur:

  • “Neft-mədən”, “elektromexanika”, “mühəndis-inşaat”, “kənd təsərrüfatı” və “iqtisadiyyat” fakültələri əsasında Bakı Politexnikumu bazasında M.Əzizbəyov adına Bakı Politexnik İnstitutu yaradılsın.
  • Bakı Politexnikumunun binaları, avadanlıqları, həmçinin Rus Texniki Cəmiyyətinin kimya laboratoriyası Bakı Politexnik İnstitutunun sərəncamına verilsin.
  • Politexnik İnstitutunun tələbə kontingentinin tərkibinə politexnikumun tələbələrinin daxil edilməsi ilk növbədə, aşağıdakı əsaslarla nəzərdə tutulsun: kafi dərəcədə ümumi təhsil hazırlığına malik tələbələrin I semestr dərslərinə buraxılması, belə hazırlığa malik olmayanlara isə əlavə ümumi təhsil fənnlərinin keçilməsi və ən nəhayət texnikumun yuxarı kurs tələbələrinə xüsusi dərslər təşkil etməklə tələbələr sırasına daxil olunması.
  • Dövlət Universitetinin tələbələri üçün mövcud olan sosial təminat hüquqları Bakı Politexnik İnstitutunun tələbələrinə də şamil edilsin.
  • Universitetlərdən və digər müəssisələrdən Politexnik İnstitutuna tədris prossesinə cəlb olunacaq professor-müəllimlərin əvəzçiliklə işləmələrinə baxmayaraq, Politexnik İnstitutunda tutduğu vəzifəyə uyğun onlara əmək haqqı verilsin.
  • Professor-müəllim heyətinin əmək haqqı Dövlət Universitetində uyğun vəzifədə çalışan əməkdaşın əmək haqqı kimi ödənilsin.

12 dekabr 1920-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən institutun açılması barədə dekreti verilir. Dekretdə Bakı Politexnik İnstitunun yaradılması ilə bağlı Bakı Politexnikumun bağlanması və müəllimlərin öz vəzifələrindən azad edilməsi qeyd olunur, hazırlıq işlərinin başa çatması və institutda tədris ilinin 1 yanvar 1921-ci ildə başlanması göstərilirdi.

Dekretə əsasən mühəndis A.İ.Kozlovun sədrliyi ilə institutda qəbul komissiyasının yaradılması və aşağıdakı normaları rəhbər tutaraq, qəbulun 1 yanvar 1921-ci ilədək başa çatdırılması nəzərdə tutulurdu. Namizədlərdən ilk növbədə – Bakı Politexnikumunun tələbələrinin, xüsüsi ali məktəblərin tələbələrinin, ikinci – türk dili bilənlərin, üçüncü – fəhlələrin, dördüncü – AKBP MK və BK-dən göndərilən beşinci – qızıl ordu nümayəndələrinin, altıncı – şura qulluqçularının, yeddinci – qalan vətəndaşların instituta qəbulu nəzərdə tutulmuşdur.

Dekretə uyğun professorlar N.A.Dubrovski, P.K.Juze, L.Q.Qurviç, Petroqrad Universitetinin dosenti A.S.Şepotev və mühəndis D.D.Qadaskin institutun professorları; aqronom N.A.Lebedev, mühəndislər S.Vəkilov, A.İ.Kozlov, A.N.Şuşerov və M.V.Abramoviç isə ixtisaslarına uyğun kafedra ştatlarına müəllim kimi daxil edilmişlər.

Professor N.A.Dubrovski 1 sentyabr 1921-ci ilədək ilk rektor təyin olunmuşdur.

Dekretdə Elmi Şuranın tərkibinin, adları yuxarıda çəkilənlərdən təşkil olunması da qeyd olunmuşdur.

İnstitutun Elmi Şurasının birinci iclası 15 dekabr 1920-ci ildə ilk rektor professor N.A.Dubrovskinin sədrliyi altında aparılmışdır. İclasda S.Vəkilov Elmi Şuranın katibi seçilmişdir. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilmiş və ilk dəfə olaraq fakültələrə: “Neft-mədən” – dağ mühəndisi B.Dombrovski, “Elektromexanika” – mühəndis-elektrik A.Sizov, “Mühəndis-inşaat” – mülki inşaaat mühəndisi A. Şuşerov, “İqtisadiyyat” – professor N.A.Dubrovski və “Kənd təsərrüfatı” – aqronom N.Lebedov dekan seçilmişlər.

Fəaliyyətə başlanmasını bəyan edən ilk zəng 2 yanvar 1921-ci ildə saat 9.30-da vurulmuş və mühəndis S.Vəkilov institutun tarixində ilk dəfə olaraq ali riyaziyyatdan mühazirə oxumuşdur.

19201921-ci tədris ilində institutun Elmi Şurasının 66 nəfərdən ibarət olan tərkibinə aşağıdakı professorlar və müəllimlər daxil olmuşlar: N.A.Dubrovski, P.K.Juze, L.Q.Qurviç, A.S.Şepotev,D.D, Qadaskin, A.M.Şuşerov, L.S.Leybenzon, İ.V.Kurçatov, K.A.Krasusski, A.A.Axundov, Q.N.Qaziyev, İ.Q.Yesman, S.A.Kovalevski, P.İ.Kuznesov, T.Q.Kuliyev, P.P.Lukin, M.M.Skvorsov, S.N.Usatı, V.İ.Tixomirov, B.P.Albiski, N.L.Vannikov və başqaları.

19201921-ci tədris ilində institutda 1135 tələbə oxuyurdu.

Azərbaycan Dövlət Neft Akademiyası
ADNA-nın gerbi
Yaranma tarixi 1920
Rektor Siyavuş Qarayev
Prorektor Ramiz Hümbətov

Şəhər

Bakı
Ölkə Azərbaycan
Ünvan Azadlıq küçəsi 20
Vebsayt www.asoa.edu.az


1922-ci ildə “Kənd təsərrüfatı”, “İqtisadiyyat”, “Texnoloji (elektrotexnika, dağ-neft və nefttexnoloji şöbələri), və “Mühəndis-inşaat (quru yol, hidrotexniki və mülki inşaat ixtisasları üzrə)” fakültələrin fəaliyyəti üzrə institutun strukturu səhmanlaşdı.

Bu dövrdə əsasən ümumi nəzəri hazırlığa geniş yer verilməklə ixtisas fənnlərinin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə lazımı nəzarət yetirilmirdi. Tədris planlarına çoxlu sayda fənnlər salınmaqla, fənnlərdən hesabatların verilməsində sərbəstliyə yol verilməklə bərabər, tələbələrin bir kursdan digərinə keçirilməsində məqbul və imtahanların verilmə ardıcıllığı gözlənilmirdi. Praktiki və laboratoriya dərslərinə lazımı diqqət yetirilmir, tələbələrin müvəffəqiyyəti bal sistemi ilə qeydə alınırdı. Təhsil müddətinin nominal 5 il olmasına baxmayaraq, tədris planının həddən artıq yüklənməsi, az sayda tələbələrə belə 7 il ərzində institutu bitirməyə imkan verirdi.

1922-ci ildə institutun maddi-texniki bazasının və professor–müəllim heyətinin gücləndirilməsinə “Azneft”(təmir və lazımı avadanlığın təmini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maarif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi.

Bu illərdə institutda işləmək üçün professorlar: S.N.Usatı, S.M.Romanov, B.P.Albiski, M.M.Əliyev və İ.Q.Yesman (19221928-ci illərdə rektor vəzifəsini icra etmişdir) dəvət olunmuşlar.

1923-cu ilin yayında Azərbaycan Hökümətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılmış, Bakı Politexnik İnstitutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunmuş və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə institutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilmişdir. Bunun nəticəsində “Azneft”in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunmuşdur.

1923-cu ildə 3 nəfərdən ibarət birinci buraxılış, 19241925-ci tədris ilində –13, 19251926-ci ildə – 46, 19261927-ci ildə isə 289 nəfər mühəndis buraxılışı olmuşdur.

1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılmışdır.

1929-cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra etmişdir.

19291932-ci illərdə institututda, onun fakültələrində yenidənqurma işlərini aparan və həmin illərdə rektor vəzifəsini icra edən, institutun məzunu A.A.Nikişin olmuşdur.

12 may 1929-cu ildə institutdan “Kənd Təsərrüfatı” fakültəsi ayrılmış və sərbəst fəaliyyət göstərən “Kənd Təsərrüfatı İnstitutu” yaranmışdır.

29 may 1930-cu ildə “Azərbaycan Politexnik İnstitutu”nun adı dəyişdirilmiş və “Azərbaycan Neft İnstitutu” (ANİ) adlandırılmışdır.

1931-ci ildə institutun şöbəsi “Azərbaycan Qiyabi Sənaye İnstitutu” yaradılmışdır.

Azərbaycan Neft İnstitutu bazasında Gəncə, Qroznı, Ufa və İşimbayda şöbələri olan “Azərbaycan Qiyabi Neft İnstitutu” yaradıldı.

19 iyun 1930-cu ildə “İnşaat” fakültəsi bazasında Azərbaycan İnşaat İnstitutu yaradılmışdır (1 sentyabr 1934-cü ildə yenidən “memarlıq-inşaat fakültəsi” adı ilə Azərbaycan Neft İnstitutuna verilmişdir).İnstitutun adının “Azərbaycan Neft İnstitutu” adlandırılması ilə bağlı yenidənqurma işləri və mühəndis kadrların hazırlanması aşağıdakı fakültələrdə aparılmışdır: “Mexanika” (elektromexanika, avtonəqliyyat, istilik energetikası sahələri üzrə); “Neft-mədən”(qazıma, istismar, qazın hasilatı və utilizə olunması və mədən mexanikası sahələri üzrə); “Geoloji-kəşfiyyat”, “Neftkimya” (neft zavodları, laboratoriya-tədqiqat, mineral maddələrin texnologiyası üzrə); “İnşaat” (sənaye-zavod inşaatı, mülki memarlıq tikintiləri üzrə), “Nəqliyyat” (süni tikililər, dəmir yolları, dəmir yol istismarı və relssiz nəqliyyat üzrə), “Sənaye iqtisadiyyatı” və “hidroenergetika”.

Politexnik İnstitutun 10 illiyinə təsadüf edən otuzuncu illərdə 3267 tələbəsi, qiyabi təhsil üzrə fəhlə fakültəsində 3000-dən çox dinləyicisi olan Azərbaycan Neft İnstitutu keçmiş ittifaqda, görkəmli ali təhsil müəssisələrindən birinə çevrilərək miqyas və əhəmiyyətinə görə Zaqafqaziyada birinci ali texniki məktəb kimi qalmışdı.

Əgər 19211929-cu illər ərzində 422 nəfər mühəndis buraxılışı olmuşdursa, təkcə 19291930-cu tədris ilində institutu 559 mütəxəssis bitirmişdir.

Neft sənayesi üçün mütəxəssis hazırlığında əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə Azərbaycan Respublikası hökümətinin “Qırmızı Əmək Bayrağı Ordeni” ilə mükafatlandırılmışdır.

Ölkənin sənayeləşdirilməsi ilə bağlı sənayenin Azərbaycanda da sürətli inkişafı təkcə neft deyil, digər sahələr üçün də mühəndis kadrlarının hazırlanmasını tələb edirdi. Beləliklə, respublikada geniş profilli sənaye institutunun yaradılması günün vacib məsələsi kimi qarşıda dururdu.

1934-cü il oktyabrın 10-da Neft institutu maşınqayırma, energetika və s. sahələr üçün də mühəndis kadrları hazırlığına görə Azərbaycan Sənaye İnstitutuna (Az.Sİ) çevrildi.

19321933-cü illərdə A.M.Çeqodayev, 1933-1934-cü illərdə S.P.Kiselyev, 19341938-ci illərdə İ.S.Axundzadə institutun rektoru olmuşlar.

Fəaliyyətinin 15 ili ərzində 2614, sonrakı beş ilində isə 2696 nəfər mühəndis kadrlarının hazırlanması, institutun sürətlə inkişaf etməsini sübut edir.

Fəaliyyətinin 20 illiyi ərzində əldə etdiyi nailiyyətlərə görə 25 dekabr 1940-cı ildə institut ittifaq hökumətinin ali mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.

Fəaliyyəti

Hazırda respublikada fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ADNA-nın ayrı-ayrı fakultələri əsasında yaradılmışdır. Respublika prezidenti H.Əliyevin vaxtilə dediyi “İnstitut öz varlığı ərzində bütün ölkədə ali təhsilin, xüsusən ali neft təhsilinin inkişafına sanballı kömək göstərmişdir”, “institutun respublikamız qarşısında xidmətləri böyükdür”, “institutu bitirən kadrlar Azərbaycanın mühəndis-texniki və elmi işçilərinin özəyi olmuşdur” sözləri Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyətinə verilən ən layiqli qiymətdir.

Strateji əhəmiyyətli sahə olan yanacaq-enerji və kimya texnologiyası kompleksi üçün hazırlanan gələcək mütəxəssislərin təlim-tərbiyəsi ilə 100-dən çox elmlər doktoru, professor, 600-dən çox elmlər namizədi, dosent məşğul olur. Bunların sırasında Respublika Elmlər Akademiyası və beynəlxalq akademiyaların bir çox həqiqi və müxbir üzvləri vardır. Elm və texnika sahəsi üçün mütəxəssis hazırlığında akademiyada 63 kafedra fəaliyyət göstərir.

ADNA-da aspirantura və doktorantura şöbələri fəaliyyət göstərir. Ötən 79 il ərzində akademiya 70000-dən çox mühəndis, 2000-dən çox elmlər namizədi və 250-dən çox elmlər doktoru hazırlamışdır. Akademiyada yüksəkixtisaslı mühəndis və elmi kadrların hazırlanmasında iki elmi-tədqiqat institutu, 32 elmi-tədqiqat problem laboratoriyası, “Sənaye müəssisələri işçilərinin ixtisasartırma və yenidən hazırlanma institutu” fəaliyyət göstərir.

ADNA-da 60-dan çox ölkə üçün 300 nəfər mühəndis, bakalavr və magistr dərəcəli texniki kadr və 270 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır. Xəzərin akvatoriyasında və quruda yeni yataqların işlənməsi, neft konsorsiumlarının fəaliyyətə başlaması, xarici ölkə şirkətləri ilə əməkdaşlıq və onun gələcək perspektivləri ADNA qarşısında bazar iqtisadiyyatı şəraitində işləyə bilən, müasir texnika və texnologiyanı mənimsəyən və tətbiq etməyi bacaran mütəxəssislərin hazırlanmasını tələb edir. Qarşıya çıxan bu vacib məsələlərin həlli ilə əlaqədar “ADNA-nın inkişaf proqramı” hazırlanıb.

ADNA-nın 1 milyona yaxın kitab fondu olan kitabxanası, informasiya hesablama mərkəzi, tədris vəsaitləri çap edən nəşriyyatı, 7 korpuslu tələbə şəhərciyi, 3 tədris korpusu, tələbə poliklinikası və xəstəxanası, idman kompleksi, Nabranda istirahət zonası vardır.

Akademiyada “Elmi əsərlər”, “Azərbaycan ali texniki məktəblərinin xəbərləri” adlı məcmuələr, “Neft kadrları uğrunda” adlı çoxtirajlı qəzet nəşr olunur. ADNA-nın məzunlarından 50 nəfərdən çox Azərbaycan EA-nın həqiqi və müxbir üzvü, 150 nəfərdən çox Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı, 70 nəfərə yaxın Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Respublikamızda və xarici ölkələrdə fəaliyyət göstərən müvafiq şirkət, təşkilat, təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq tədbirləri məzunların gələcəkdə işlə təmin olunmasına böyük imkanlar yaradır. Respublika ali təhsil müəssisələri içərisində ADNA yeganə təhsil ocağıdır ki, Avropa Universitetləri Assosiasiyasına qəbul edilmişdir. ADNA həmçinin Avropanın “TEMPUS” proqramının iştirakçısıdır. 1999-cu ildən başlayaraq bu kompakt-layihə proqramı əsasında “ətraf mühit və neft sənayesi” ixtisaslaşması üzrə magistr hazırlığına başlanacaqdır. 1999-cu ildən başlayaraq ADNA Amerika proqramları əsasında ABŞ-ın Corciya Dövlət Universiteti ilə birlikdə iki ixtisas üzrə magistrlər hazırlamağa başlamışdır. İlk dəfə məzunlara Amerika nümunəli diplomlar verilmişdir.

Fakültələr

İxtisaslar

Hazırda ADNA-nın “Geologiya mühəndisliyi”, “Kompyuter elmləri”, “Materialşünaslıq mühəndisliyi”, “Hidrogeologiya mühəndisliyi”, “Geofizika mühəndisliyi”, “Dağ-mədən mühəndisliyi”, “Neft-qaz qurğuları mühəndisliyi”, “İstilik energetikası mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kompyuter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, “Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi”, “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”, “Biotibbi texnologiya mühəndisliyi”, “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”, “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi”, “Elektroenergetika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Dünya iqtisadiyyatı”, “İqtisadiyyat”, “Menecment”, “Biznesin idarə edilməsi”, “Sənayenin təşkili və idarə olunması”, “Marketinq” ixtisası istiqaməti üzrə bakalavr və 50 ixtisaslaşma üzrə magistr pillələrində birlikdə 6000-dən çox tələbə təhsil alır.

Beynəlxalq əlaqələr

ADNA-nın beynəlxalq əlaqələri aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir:

  • Xarici ölkələr üçün mütəxəssis və elmi kadrların hazırlanması;
  • Professor-müəllim heyətinin xarici elm və tədris ocaqlarında fəaliyyəti, tələbə, magistrant və aspirantların təhsil alması;
  • Beynəlxalq təhsil proqramlarında iştirak;
  • Xarici ölkələrin ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıq;
  • Xarici ölkələrin Bakıdakı nümayəndəlikləri ilə əməkdaşlıq;
  • Beynəlxalq şirkətlərlə əməkdaşlıq;
  • Universitetlərin Beynəlxalq Assosiasiyaları ilə əməkdaşlıq.

Xarici ölkələr üçün mütəxəssis hazırlığında 1961-ci ildə yaradılan xarici vətəndaşlar üçün hazırlıq fakültəsi xüsusi rol oynayır.

Bu fakultədə “Dillər”, “Ümumtəhsil fənnlər”, “Hümanitar fənnlər” kafedraları fəaliyyət göstərir və “mühəndis-texniki və mühəndis-iqtisad”, “Tibb, bə”dən tərbiyəsi, biologiya və kənd təsərüfatı”, “Ümumi iqtisad və coğrafiya”, “Hümanitar”, “İdarəetmə, sosiologiya, politologiya və pedaqoji” ixtisasları üzrə Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında ali təhsil almaq üçün hazırlıq işləri aparılır. İndiyədək fakültəni 11000-ə yaxın xarici ölkə vətəndaşları bitirmişdir.

Xarici ölkələr üçün ali təhsilli mütəxəssis hazırlığına isə ADNA-da 1964-cü ildən başlanmışdır. Bununla əlaqədar olaraq Əcnəbi Tələbələrlə İş üzrə (ƏTİ) dekanlıq yaradılmışdır. Əti dekanlığı tərəfindən bütün ixtisas fakultələrində müxtəlif pillələr üzrə təhsil alan əcnəbi vətəndaşların tədris prosesinə nəzarət həyata keçirilir. Qısa müddət ərzində ADNA keçmiş İttifaqda xarici ölkələr üçün yüksək ixtisaslı mütəxəssis kadrları hazırlayan əsas mərkəzlərdən birinə çevrilmişdir. ADNA-da dünyanın 70-ə yaxın ölkəsi üçün 3000-dən çox bakalavr, mühəndis, magistr dərəcəli texniki kadrlar, 300-ə qədər elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. ADNA-da təhsil alan əcnəbi vətəndaşlar elmi konfrans, sağlamlıq, idman yarışları, səhiyyə, bədii və s. tədbirlərdə yerli tələbələr bərabər hüquqlu vətəndaş kimi iştirak edirlər.

70-ci illərdən başlayaraq ADNA-nın professor müəllim heyəti Əlcəzair, Əfqanistan, Liviya, Qvineya-Bisau, Kamerun və digər ölkələrdə ali təhsil sisteminin təşkili və inkişafında fəal iştirak etmişlər. Əlcəzair və Əfqanıstanda tədris mərkəzləri yaradılmış, institutlar açılmış və uzun illər professsor-müəllim heyəti həmin institutlarda fəaliyyət göstərmiş və indi də göstərirlər. Hal-hazırda ADNA-nın 30 əməkdaşı Türkiyə. Əlcəzair, Kipr və İranın aparıcı ali məktəblərində çalışır.

ADNA-nın əməkdaşlarından bir çoxu qabaqcıl ölkələrin Elmlər Akademiyasının, fəxri, həqiqi və müxbir üzvləri seçilmiş, xarici ölkələrdə elmin ən müasir sahələri üzrə mühazirələr oxumuş və beynəlxalq konfrans və simpoziumlarda iştirak edirlər.

Beynəlxalq təşkilat və ittifaqların ayırdıqı qrantlardan, beynəlxal təhsil proqramlarından, xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıqdan, müxləlif elm və təhsil fondları tərəfindən keçirilən müsabiqələri istifadə edərək tələbə və aspirantlar xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilirlər.

1993-cü ildən başlayaraq 20-dən çox tələbə, magistrant və aspirant ABŞ, Fransa, Türkiyə, İngiltərə, İtaliya, Almaniya Rusiya ali məktəblərində təhsil almışlar. Təkcə 19982000-ci illərdə ADNA-nın 10 tələbə və magistrantı təhsillərini davam etdirmək üçün ABŞ,Almaniya,Fransa Norveçin ali məktəblərinə göndərilmişlər.

1999-cu ildən etibarən ADNA-da “TASİS-TEMPUS” proqramı çərçivəsində SR 2002998 saylı Avropa kompakt layihəsinə uyğun “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə magistr hazırlığına başlanmışdır. Bu layihə çərçivəsində ADNA Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə əməkdaşlıq edir. Adı çəkilən proqram çərçivəsində magistr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi üçün müasir texnika ilə təchiz olmuş ixtisaslaşdırılmış kabinet-ofis yaradılmış, əsaslı kitabxana müasir elmi ədəbiyyatlarla təchiz olunmuşdur. Magistrantların istifadəsinə verilən müasir fərdi kompüterlər “İNTERNET” sisteminə qoşulmuşdur ingilis və fransız dillərində də mühazirələr oxunur. ADNA-da ABŞ-nın corciya Dövlət Universitetinin tərəfmüqabilliyi ilə 1999-cu ildən “Biznesin idarə olunması üzrə magistrlərin hazırlanması və professor-müəllim heyətini təkmilləşdirilməsi” birgə proqramı çərçivəsində də magistr hazırlanır.

Proqram çərçivəsində artıq ADNA-nın əməkdaşlarının corciya Dövlət Universitetində staj keçmələri və həmin universitetdən və ABŞ-ın digər universitetlərindən professorların ADNA-da mühazirə oxumaları işinə başlanmışdır.

“İNTERNET-ə” çıxışı olmaqla yaradılan 15 ədəd müasir fərdi kompüterlə təchiz olunmuş kabinet yaradılmış və onun açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin rəhbərliyi da iştirak etmişdir. Hal-hazırda bu proqram çərçivəsində 50-yə yaxın magistrant təhsil alır. Dərslər Azərbaycan və ingilis dillərində Amerikadan dəvət olunmuş professorlar və ADNA-nın ABŞ-da staj keçmiş professor müəllim heyəti tərəfindən aparılır.

Xarici ölkə ali məktəbləri ilə iki tərəfli əməkdaşlıq ADNA-nın beynəlxalq əlaqələrində xüsusi yer tutur.

Hal-hazırda aşağıda adı çəkilən xarici ölkə ali məktəbləri ilə əlaqələr yaradılmışdır:

ADNA Respublikamızda yerləşən Türkiyə,ABŞ, İran, İsrail, Almaniya, Fransa, Rumıniya, Norveç, Liviya və digər ölkələrin səfirlikləri ilə sıx əlaqələr saxlamaqla yanaşı, beynəlxalq əlaqələrin inkişaf etdirilməsində digər xarici ölkələrin səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığa mühüm yer verir.

ADNA-nın beynəlxalq əlaqələri “Əsrin kontraktı” adını almış neft kontraktları bağlandıqdan sonra daha da geniş vüs”ət almışdır.

EKSON, MOBİL, ŞLÜMBERjE, ŞEVRON,Bİ-Pİ-AMOKA, Türk Petrolları və başqa şirkətlərlə elmi və maddi-texniki bazanın inkişaf etdirilməsinə,məzunların işlə tə”min edilməsinə yönəldilən səmərəli əlaqələr qurmuşdur.

“Şlümberje” şirkətinin köməyi ilə ADNA müasir hesablama texnikası və təşkilatı texnika ilə təchiz olunmuş ixtisaslaşdırılmış mərkəz yaradılmış, tələbə, magistrant və aspirantların istifadəsinə verilmişdir.

“Türk petrolları” şirkəti hər il ADNA-nın yaxşı oxuyan tələbələrin müəyyən hissəsinə təqaüd verməklə gələcək də əlaqəni də inkişaf etdirməyi qarşıya qoymuşdur.

ADNA-nın Universitetlərin beynəlxalq assosiasiyalarına və digər təşkilatlarına üzv olması onun beynəlxalq əlaqələrini daha da zənginləşdirir. ADNA Avropa Universitetləri Assosasiyasının və “YUNESKO” statuslu “İNKORVUZ” təşkilatının üzvüdür.

 

Xarici keçidlər

Aghalar Mikayilli haqqında

Mikayıllı Ağalar Ağaxəlil oğlu. Bakı şəhərində anadan olmuşam. Azərbaycan Kooperasiya Universitetinin "Iqtisadiyyat" fakltesinin bakalavr derecesini bitirmişəm. Hal hazırda isə İtaliyanın "La Sapienza University of Rome" universitetinin "İqtisadi hüquq" üzrə master dərəcəsində təhsil alıram. Bununla da yanaşı Azərbaycanın ən böyük QHT-si olan "İRƏLİ" İB-in aktiv üzvlərindən və təşkilatçılarından biri olmuşam!!! Postlarımın çoxu ən aktual mövzular və qarşılaşdığım maraqlı, yadda qalan, xoş hadisələrlə bağlıdır...

Bir cavab

  1. tesekkurler….he birde menim saytimi dostlarin aat da.
    rekordlar.wordpress.com adnaipafin yerine

    Bəyən

%d bloqqer bunu bəyənir: