
“Titanik” yoxsa “Avatar“?
“Titanik” kino tarixində ən yüksək büdcəli filmlərdən biri sayılır. Amma indi “Titanik”in rejissoru Ceyms Kemeronun yenidən kino tarixinin ən bahalı film üzərində işlədiyi haqqında məlumat yayılıb. “Avatar” adlı filmin büdcəsi haqqında hələ ki, dəqiq məlumat yoxdur. Amma “Taym” jurnalı bu məbləğin nə az nə çox 300 milyon dollara yaxın olduğunu bildirir. Üstəlik bu məbləğə reklam xərcləri daxil deyil. Büdcə əsasən xüsusi vizual effektlərə xərclənib.
Qeyd edək ki, indiyə qədər büdcəsi 200 milyon dolları keçən cəmi bir neçə film çəkilib. Məsələn “Hörümçək adam 3”ün büdəcis 270 milyon dollardır. Bunu prodüserlər belə açıqlayırlar. Amma deyilənə görə “Hörümçək adam 3”ün ərsəyə gəlməsi üçün 350 milyon dollara yaxın xərc çəkilib.
Qeyd edək ki, indiyə qədər rəsmi büdcəsi ən çox olan film “Karib dənizinin quldurları 3: dünyanın sonu” filmidir. Bu filmin büdcəsi 300 milyon dollardır.
Əgər “Taym” jurnalı yanılmırsa, deməli tezliklə kino tarixinin ən bahalı filmi “Avatar”ı ekranlarda görə biləcəyik. Amma jurnal bu xəbərdən həmən sonra bildirib ki, filmin büdcəsi 200 milyonu keçmir. Amma necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz”.